Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universiteti birləşdiriləcək və birləşmiş ali təhsil müəssisəsinin adı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti olaraq qalacaq. Bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze bugünkü brifinqdə məlumat verib. Onun sözlərinə görə, qərar rektorlarla əvvəlcədən aparılmış məsləhətləşmələr əsasında qəbul edilib. “Ali təhsil sistemində mühüm islahatların başlanması dərin təhlilə, beynəlxalq təcrübəyə və ölkənin uzunmüddətli inkişaf maraqlarına əsaslanır. Son dövrdə dövlət universitetlərinin akademik proqramları, elmi-tədqiqat istiqamətləri və infrastrukturunun müqayisəli təhlili aparılıb. Bu proses və rektorlarla əvvəlcədən aparılmış məsləhətləşmələr əsasında Tbilisi Dövlət Universiteti ilə Gürcüstan Texniki Universitetinin birləşdirilməsi barədə qərar qəbul etdik. Bu, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin regionda akademik və elmi inkişafın aparıcı mərkəzinə çevrilməsinə və beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına zəmin yaradacaq”, – deyə Givi Mikanadze bildirib. Givi Mikanadzenin sözlərinə görə, universitetlərin birləşdirilməsi məqsədilə nazirin əmri ilə müvəqqəti idarəetmə orqanı – “Şura” yaradılacaq və rektorun, eləcə də rektor müavinlərinin vəzifələrini icra edən şəxslər təyin ediləcək. Onlar reorqanizasiya prosesinin idarə olunmasını təmin edəcəklər. Nazirin qeyd etdiyi kimi, ali təhsil sistemində aparılan islahatlar çərçivəsində əlavə olaraq aparıcı professor adlı akademik vəzifə təsis ediləcək. Bu vəzifəyə müsabiqə yolu ilə seçilmiş şəxslər tədris və elmi-tədqiqat fəaliyyətinə strateji rəhbərliyi həyata keçirəcək, təhsilin keyfiyyətinin yüksəldilməsini və gənc akademik heyətin inkişafını təmin edəcəklər.





