Elias dağının mənəvi və tarixi mühitində yerləşən Müqəddəs Pyotr və Pavel Həvarilərin adına monastır kompleksi xüsusi səmimiyyət və minnətdarlıq hissi ilə dolu tədbirə ev sahibliyi edib. Tədbir illərdir səssiz və fədakarcasına ən məsuliyyətli işə – gələcək nəsillərin təhsili və tərbiyəsinə xidmət edən insanlara həsr olunub. „Təhsilin Əməkdarları – seçilmiş pedaqoqlar“ – Bolnisi bələdiyyəsinin „Müəllimlərin Milli Mükafatı“na namizəd göstərilmiş pedaqoqlar üçün təşkil etdiyi mükafatlandırma mərasimi belə adlanıb. Tədbir Bolnisi Bələdiyyəsinin Təhsil, Mədəniyyət və İdman Xidmətinin təşkilatçılığı, Təhsil Resurs Mərkəzinin iştirakı və Bələdiyyə Meriyasının dəstəyi ilə keçirilib. Məbədin həyəti bir günlük təhsil məkanına çevrilib, ərazi şagird və pedaqoqların yaradıcılıq işlərindən ibarət sərgi ilə bəzədilib. Bolnisi bələdiyyəsindən „Müəllimlərin Milli Mükafatı“na həm dövlət, həm də özəl məktəblərdən 25 pedaqoq namizəd göstərilib. Uzun illər ərzində göstərdikləri fədakar əməyə və təhsil sahəsinə verdikləri mühüm töhfəyə görə pedaqoqlara təşəkkürnamələr və simvolik hədiyyələr təqdim olunub. Təltifetmə mərasimində bələdiyyə meri, nümayəndə, Sakrebulonun sədri, Təhsil Resurs Mərkəzinin rəhbəri, Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin rəhbəri, eləcə də yerli hakimiyyət nümayəndələri iştirak ediblər. Onlar pedaqoqlara göstərdikləri əmək və peşə fəaliyyətlərinə görə təşəkkürlərini bildiriblər. Təltifetmə mərasiminin hər bir hissəsi ekranda nümayiş etdirilən videoçarxlarla müşayiət olunub. İştirakçılar hər bir pedaqoqun peşəkar fəaliyyəti və keçdiyi yol ilə bir daha tanış olmaq imkanı əldə ediblər. Axşama xüsusi harmoniya və bayram ab-havası Milli Sarayın skripkaçılar ansamblı „Simi“, Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən folklor ansamblı „Orbel“, estrada və opera müğənnisi İamze Caqeli, eləcə də fərdi ifaçı Salome Tsikoridze tərəfindən bəxş edilib. Pedaqoqların əməyinin qiymətləndirilməsi və tanınmasına yönəlmiş bu genişmiqyaslı təşəbbüs bütün Gürcüstan ərazisində Gürcüstanın Təhsil, Elm və Gənclik nazirinin qərarı ilə „Müəllimlərin Milli Mükafatı“ çərçivəsində həyata keçirilir. Ölkənin müxtəlif regionlarında keçirilən tədbirlər 27 oktyabrda Kutaisidə keçiriləcək möhtəşəm yekun tədbirlə başa çatacaq.





