Bolnisi Bələdiyyəsinin meri Zamur Çitanava meriyanın İnzibati Xidmətinin rəhbəri Giorgi Qasvian ilə birlikdə bələdiyyə ərazisində həyata keçirilən infrastruktur layihələri ilə tanış olub. Raçisubani kəndində yeni körpünün tikintisi prosesi fəal şəkildə davam edir. Layihə çərçivəsində artıq svaylar və monolit dəmir-beton dayaqlar quraşdırılıb. Hazırda tirlərin quraşdırılması işləri aparılır. İnfrastruktur layihəsi regionlarda həyata keçiriləcək layihələr fondunun təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması tədbirləri üçün nəzərdə tutulmuş vəsaiti hesabına maliyyələşdirilir. Layihənin dəyəri 747 630 lari təşkil edir. Zamur Çitanava, həmçinin, Tamarisi qəsəbəsində daxili avtomobil yolunun tikintisinin son hissəsində aparılan işlərlə tanış olub. Hazırda yolun əsasının hazırlanması işləri görülür. Bundan sonra təxminən 460 metr uzunluğunda asfalt-beton örtüyü salınacaq. Layihə regionlarda həyata keçiriləcək layihələr fondu və yerli büdcənin birgə maliyyələşdirilməsi ilə həyata keçirilir. Layihənin dəyəri 480 000 lari təşkil edir. Bolnisi Bələdiyyəsinin meri yerli özünüidarəetmə nümayəndələri ilə birlikdə Tamarisi qəsəbəsinin dövlət məktəbində də olub və burada mövcud infrastruktur ehtiyacları ilə tanış olub. Zamur Çitanava bildirib ki, yerli özünüidarəetmə orqanı imkanları çərçivəsində məktəb infrastrukturunun yaxşılaşdırılması üçün müvafiq addımlar atacaq. İnfrastruktur işlərinə merlə birlikdə meriyanın Tikinti İşlərinin Monitorinqi Şöbəsinin rəhbəri Giorgi Sikinçalaşvili də baxış keçirib.





