Bu gün Bolnisidə ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə öz həyatlarını qurban verən həmvətənlər xüsusi ehtiramla yad edilir. Bolnisi Bələdiyyəsinin rəhbər şəxsləri qəhrəmanların xatirəsini ehtiramla anıblar. Disveli, Ratevani və Tanzia kəndlərində Nodar Devnosaşvilinin, Aslan Şainidzenin və Saba Dadvaninin məzarları ziyarət edilərək üzərinə əklillər qoyulub və ölkəsi uğrunda canından keçən qəhrəmanlar bir daha yad edilib. Nodar Devnozaşvili, Aslan Şainidze və Saba Dadvani — adları Gürcüstanın müasir tarixinə həkk olunmuş üç bolnisili qəhrəmandır. Onlar xidməti vəzifələrini yerinə yetirərkən, Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına həlak olublar. Zaman keçir, lakin həmin günlərin faciəvi izi həm Gürcüstan tarixində, həm də həlak olmuş qəhrəmanların ailələrinin yaddaşında bu gün də yaşayır. 2008-ci il Avqust müharibəsi Gürcüstana ağır nəticələr gətirib. Rusiyanın hərbi təcavüzü nəticəsində 228 dinc sakin, 170 hərbi qulluqçu, 14 polis əməkdaşı və 3 jurnalist həyatını itirib. Təxminən 30 min insan isə öz ölkəsində məcburi köçkünə çevrilib. Gürcüstan ərazisinin 20 faizi bu gün də Rusiya tərəfindən işğal altındadır.





