İclasda dövlət tərəfindən maliyyələşdirilən onkoloji diaqnozu olan hər bir uşağın Gürcüstanla yanaşı, Türkiyə, İsrail və İspaniyanın aparıcı klinikalarında diaqnostika və müalicə olunmaq imkanı yaradılacağı layihə müzakirə edilib. Layihənin illik büdcəsi təxminən 30 milyon laridir. Hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ilkin bazar araşdırmalarına əsasən, bütün xidmətlərin bir məkanda birləşdirildiyi müasir standartlara və beynəlxalq akkreditasiyaya malik yüksək texnologiyalı klinikalar artıq xaricdə xidmət təminatçısı kimi seçilib. “Layihə çərçivəsində xəstələr yüksək keyfiyyətli, yüksək texnologiyalı tibbi xidmətlər, o cümlədən şişlərin müəyyən növlərinin müalicəsi üçün müasir tibbdə son söz olan proton terapiyası almaq imkanı əldə edəcəklər. Məsələnin müzakirəsi zamanı xüsusilə uşaqların keyfiyyətli onkoloji xidmətlərə çıxışının təmin edilməsinin dövlətin prioritet vəzifəsi olduğu vurğulanıb”, – deyə hökumətin mətbuat xidmətindən bildirilib. Onların sözlərinə görə, Səhiyyə Nazirliyi ilə tibb müəssisələri arasında əməkdaşlığa dair sazişlər ayın sonuna kimi imzalanacaq, bundan sonra onkoloji diaqnozu olan uşaqlar həm Gürcüstanda, həm də xaricdə – İspaniya, İsrail və Türkiyədə lazım olduqda tibbi xidmət alacaqlar. “18 yaşına çatmamış xəstələrin xaricdə müalicəsi proqramı Gürcüstanda xidmətlər gücləndirilənə və müasir standartlar və yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş uşaq onkoloji dövlət mərkəzi yaradılana qədər keçid mərhələsi olacaq. Bu istiqamətdə Səhiyyə Nazirliyi fəal işləyir”, – deyə hökumət administrasiyasının yaydığı məlumatda bildirilir.