Şənbə, May 23, 2026
spot_img
HomecəmiyyətMəktəbəqədər təhsildə yeni mərhələ Bolnisi uşaq bağçaları akkreditasiya prosesində

Məktəbəqədər təhsildə yeni mərhələ Bolnisi uşaq bağçaları akkreditasiya prosesində

Ölkədə erkən və məktəbəqədər təhsil sahəsində akkreditasiya prosesi aktiv şəkildə davam edir. 21 fevral 2023-cü il tarixli Gürcüstan hökumətinin №76 qərarı ilə “Erkən tərbiyə və təhsil və/və ya məktəbəqədər tərbiyə və təhsil müəssisələrinin akkreditasiyadan keçməsi, həmçinin akkreditasiyanın dayandırılması və ləğv olunmasının müvəqqəti qaydası” təsdiq olunub. Qanunvericiliyə əsasən, bağçalarda akkreditasiya mərhələli şəkildə həyata keçirilir və son müddət 2030-cu ilədək müəyyən edilib. Bu islahat Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəz tərəfindən icra olunur. Bu prosesə Bolnisi bələdiyyəsində fəaliyyət göstərən uşaq bağçaları da qoşulub. Artıq məlumdur ki, bağçalar ilkin qiymətləndirmə mərhələsini keçiblər. Bu və digər mövzular barədə Bolnisi bələdiyyəsinin məktəbəqədər tərbiyə və metodiki koordinasiya müəssisəsinin direktoru Lela Qoqmaçadze danışır. – Salam, Lela xanım! Bolnisi bələdiyyəsində hazırda neçə uşaq bağçası fəaliyyət göstərir və akkreditasiya üçün hansı mərhələlərdən keçmisiniz? – Hazırda Bolnisi bələdiyyəsində 12 uşaq bağçası qeydiyyatdan keçib və onlar mərhələli şəkildə akkreditasiya prosesinə qoşulacaqlar. Akkreditasiyaya hazırlıq ölkə üzrə 2023-cü ildə başlayıb və Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzin rəhbərliyi ilə aparılır. İlk mərhələdə bağçalarda özünüqiymətləndirmə həyata keçirildi xüsusi sorğu anketləri dolduruldu. Bu alət hər bir bağçaya öz uyğunluğunu standartlara əsasən qiymətləndirməyə imkan verdi. Nəticələrə əsasən akkreditasiya qrafiki təsdiq edildi. Növbəti mərhələdə sistemli hazırlıq başlandı: metodoloji sənədlər hazırlandı, təlimlər və işçi görüşlər təşkil olundu, bələdiyyələrə dəstək göstərildi. Bu proses kifayət qədər böyük əmək tələb etdi. Bir çox yeni sənəd hazırlandı və bu, intensiv və çoxşaxəli komanda işi idi. Təsdiq olunmuş qrafikə uyğun olaraq, 2026-cı ilin ilk rübündə Bolnisi bələdiyyəsində artıq 4 uşaq bağçasında akkreditasiya prosesi həyata keçirilib. Bu mərhələdə aparılan yoxlamalar mövcud vəziyyətin sənədlər əsasında qiymətləndirilməsini əhatə edir və hələ yekun qiymətləndirmə sayılmır. Son nəticələr daha sonra akkreditasiya şurasında açıqlanacaq.

– Bağçaların akkreditasiyası nə deməkdir?

– Akkreditasiya məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə və ölkə üzrə vahid standartların tətbiqinə yönəlmiş mühüm islahatdır. Bu o deməkdir ki, hər bir bağçada təhlükəsiz, inkişafyönümlü və uşağa uyğun mühit təmin olunmalıdır. Təhsil bütün uşaqlar üçün əlçatan olmalı və inklüziv prinsiplər qorunmalıdır. Qısaca desək, akkreditasiya elə bir mexanizmdir ki, bağçada qəbul edilən hər bir qərarın mərkəzində uşağın marağı dayanır.

– Niyə akkreditasiya vacibdir və nəyi tənzimləyir?

 – Akkreditasiya yalnız qiymətləndirmə deyil, həm də inkişaf imkanıdır. Bu prosesdə əldə olunan tövsiyələr mövcud təcrübənin yaxşılaşdırılmasına və çatışmazlıqların aradan qaldırılmasına kömək edir. Akkreditasiya 4 əsas standartı əhatə edir: •müəssisənin missiyası və strateji inkişafı •kurikulum •ailə və icmanın iştirakı •təlim-tərbiyə prosesinin dəstəyi Qiymətləndirmə geniş sahələri əhatə edir: təhsil mühiti, təhlükəsizlik, gigiyena, qidalanma, proqram, valideynlərlə əməkdaşlıq və personalın peşəkarlığı. Bu gün uşaq bağçası sadəcə gözləmə yeri deyil o, uşağın inkişaf etdiyi və sosial bacarıqlar qazandığı məkandır.

– Akkreditasiya üçün əsas şərtlər hansılardır?

 – Əsas meyarlar bunlardır: •təhlükəsiz və uyğunlaşdırılmış infrastruktur •gigiyena və sağlamlıq qaydalarına riayət •balanslı və müxtəlif qidalanma •keyfiyyətli və uşağa uyğun təhsil proqramı •ixtisaslı və inkişaf yönümlü personal •valideyn və icma ilə əməkdaşlıq •inklüziv mühit Bunlar formal qaydalar deyil, uşağın rifahının əsasını təşkil edir.

 – Akkreditasiya nəyi dəyişəcək?

– Akkreditasiya keyfiyyət, təhlükəsizlik və etibar deməkdir. Valideynlər uşaqlarını rahatlıqla etibar edə biləcəkləri mühitə göndərə biləcəklər. Bağçalar daha çox uşağa yönəlmiş olacaq, uşaqlar fərdi yanaşma ilə qiymətləndiriləcək. Məktəbəqədər müəssisələr artıq müasir baxışlara malik tamhüquqlu təhsil qurumlarına çevrilir.

 – Əsas çətinliklər hansılardır?

– Əsas çətinliklər: infrastrukturun standartlara uyğunlaşdırılması •resursların yenilənməsi •bəzi hallarda kadrların inkişafı Lakin bunlar maneə deyil, inkişaf fürsətləridir.

 – Bələdiyyə necə dəstək verir?

– Bələdiyyə prosesdə aktiv iştirak edir və həm təşkilati, həm də praktiki dəstək göstərir. Hər bağçaya ehtiyacına uyğun kömək ediləcək. – Valideynlərə mesajınız nədir?

 – Valideynlər üçün ən vacib məsələ uşağın təhlükəsiz mühitdə olmasıdır. Akkreditasiya məhz bunun təminatıdır. Bu proses göstərir ki, hər bir uşaq qorunur, hörmətlə qarşılanır və düzgün inkişaf edir. Valideynlərə demək istəyirəm: bu, formal proses deyil bu, hər bir uşağın ən yaxşı mühitdə böyüməsinə olan məsuliyyətdir.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər